Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır

Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır Dəmir filizi yataqlarının istismarı ölkəmizdə metallurgiya sahəsinin inkişafına töhfə verməklə ölkənin qara metallurgiya məmulatlarının idxalından asılılığının azaldılmasına xidmət edəcək
Sənaye
6 İyul , 2021 12:11
Daşkəsəndə filiz yataqları kompleksinin ilkin qiymətləndirilməsi aparılır

Fəaliyyətə əlvan metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifə və öhdəliklərlə başlayan “AzerGold”un bu 5 ildə fəaliyyət sahələri daha da genişləndirilib.

“Report”un məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən “AzerGold”a göstərilən yüksək etimadın nəticəsi olaraq şirkətin səlahiyyətləri artırılıb: “Prezidentin Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının işlənməsi vəzifəsi də əlavə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət - “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. Hazırda Daşkəsəndə regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin gələcəkdə işlənməsinə dair ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində fəal iş aparılır. Sahədə geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, mədən planlarının hazırlanması, yataqlar üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində beynəlxalq nüfuzlu şirkətin iştirakı ilə işlər aparılır".

O qeyd edib ki, dəmir filizi yataqlarının istismarı ölkəmizdə metallurgiya sahəsinin inkişafına töhfə verməklə ölkənin qara metallurgiya məmulatlarının idxalından asılılığının azaldılmasına xidmət edəcək.

Z. İbrahimov həmçinin qeyd edib ki, ötən il ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “AzerGold” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: “Bununla Cəmiyyətin fəaliyyətində yeni bir mərhələ başlayıb. Heç şübhəsiz, bu qərar dağ-mədən sahəsində azad bazar münasibətlərinin hərtərəfli, dayanıqlı tərəqqisini, eləcə də yeni prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla QSC-nin inkişafını daha da sürətləndirəcək. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin milli iqtisadiyyatımıza verdiyi töhfələr daha da artacaq”.

Son xəbərlər

Orphus sistemi