Bu il Azərbaycanın metanol ixracından qazancı 39 %-dək azalıb
- 31 may, 2023
- 12:30
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 31 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 19,6 milyon ABŞ dolları və yaxud 38,7 % azdır.
Bu ilin aprel ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib. Bu, 2022-ci ilin aprel ayının göstəricisi ilə müqayisədə 4,1 milyon ABŞ dolları və yaxud 30,1 % azdır
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.