Bu il Azərbaycanda minik avtomobili istehsalı 77 % artıb

Sənaye
  • 18 may, 2023
  • 09:34
Bu il Azərbaycanda minik avtomobili istehsalı 77 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 245,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 % azalıb.

Bu ilin 4 ayında ölkədə 1 259 ədəd və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd və yaxud 77,3 % çox minik avtomobili istehsal olunub. Bu il mayın 1-nə ölkədə 877 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 293 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 73,4 % çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 145 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 52,6 % çoxdur. Nəticədə, bu il mayın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.