Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti (AAM) 2024-cü ildə yeni “Gilar” yatağından 3,1 min unsiya qızıl hasil etməyi planlaşdırır.
“Report” bu barədə AAM-nin məlumatına istinadən xəbər verir.
“Gilar” yatağı üçün 2024-cü ildə hədəfimiz qiymətli metallar və misin qızıl ekvivalentində 10 min unsiya hasil etməkdir. Eyni zamanda, 3,1 min unsiya qızıl, 1,4 min ton mis və 49 min unsiya gümüş hasil edilməsi planlaşdırılır”, - məlumatda qeyd edilib.
Bildirilib ki, artıq yatağa yeni mədən avadanlıqları gətirilib və onlar istismara verilib:
“Minerallaşmaya, ventilyasiya tunelinə və əsas enməyə çıxış üçün əsas nəqliyyat tunelinin tikintisi üzrə işlər davam etdirilir. 4-cü zonanın minerallaşmasına çıxışın 2024-cü ilin noyabrında həyata keçirilməsi gözlənilir”.
Məlumata görə, “Gilar” yatağının 4-cü zonasında 2,4 milyon ton minerallaşma dərəcəsi 1,5 % mis və 1,8 % qızıl var.
4-cü zonada qızıl ehtiyatları 147 min unsiya, mis ehtiyatları 38 min ton olaraq qiymətləndirilir. Eyni zamanda, burada qızıl ehtiyatlarının dəyəri 1 unsiya üçün 2 300 ABŞ dolları qiymətlə 338 milyon ABŞ dolları, mis ehtiyatları 1 ton üçün 9 500 ABŞ dolları qiymətlə 358 milyon ABŞ dolları qiymətləndirilir.
Qeyd edək ki, “Gilar” Gədəbəy müqavilə sahəsindəki faydalı qazıntı yatağıdır və şirkətin emal müəssisələrindən təxminən 7 kilometr məsafədə yerləşir. “Gilar” yatağının qızıl ehtiyatları 255,24 min unsiya qızıl, 53,89 min ton mis və 45,72 min ton sink olaraq qiymətləndirilir.