Britaniya şirkəti Azərbaycanda “Gilar” yatağının resurs ehtiyatlarının ilkin həcmini açıqlayıb
- 12 dekabr, 2023
- 08:33
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti “Gilar” yatağı üçün ilk dəfə resurs ehtiyatlarını açıqlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, yataq 0,88 % mis, 0,75 % sink və 1,3 q/t qızıl olmaqla 6,1 milyon ton minerallaşmaya malikdir.
“Gilar”ın mineral ehtiyatları 54 min ton mis, 255 min unsiya qızıl və 46 min ton sink təşkil edir.
Qeyd olunub ki, “Gilar” yatağının işlənməsi aktiv mərhələdədir. Hazırda tunellərdə tikinti işləri davam edir.
Xatırladaq ki , hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4 %), 182,046 min unsiya gümüş (artım 17,8 %) və 2,516 min ton mis (azalma 5 %) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası 1,783 min ABŞ dolları olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7 %) satılıb.