"Bakı Ayaqqabı Fabriki"nin nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanıb

"Bakı Ayaqqabı Fabriki"nin nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Ayaqqabı Fabriki" ASC-nin nizamnamə kapitalının azaldılmasının səbəblərinə aydınlıq gətirib.
Sənaye
24 İyun , 2022 16:40
Bakı Ayaqqabı Fabrikinin nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Ayaqqabı Fabriki" ASC-nin nizamnamə kapitalının azaldılmasının səbəblərinə aydınlıq gətirib.

"Report"un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisə və obyektlər, o cümlədən “ASK Ayaqqabı” MMC özəlləşdirməyə açıq elan edilib və Əmlak Məsələləri Dövlət Xidmətinə həmin müəssisələrin özəlləşdirilməsi ilə bağlı zəruri təbirlərin həyata keçirilməsi həvalə edilib:

"Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, dövlət müəssisələrinin özəlləşdirməyə hazırlanması üçün həmin müəssisələrdə özəlləşdirmə komissiyaları yaradılır, inventarlaşdırma və qiymətləndirmə işləri aparılır, digər zəruri məlumat, sənəd və formalar tərtib edilir. Bu işlər müstəqil məsləhətçi və qiymətləndirici şirkətlər cəlb olunmaqla həyata keçirilir və mövcud bazar qiymətləri əsas götürülür.

Müvafiq sənədlər tam hazırlandıqdan sonra müəssisənin nizamnamə kapitalı və satış üsulları müəyyənləşdirilərək, yeni adda açıq səhmdar cəmiyyəti təsis edilir. “ASK Ayaqqabı” MMC-yə münasibətdə, müəssisənin əsasında yeni hüquqi şəxs – “Bakı Ayaqqabı fabriki” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və onun nizamnamə kapitalı son dövrün maliyyə və iqtisadi göstəriciləri əsasında müəyyən edilib. Daha aydın olması üçün vurğulamaq istərdik ki, bu zaman müəssisənin əsas vəsaitlərinin, bina, tikili, qurğu və digər aktivlərinin aşınma nəzərə alınmaqla mövcud bazar dəyəri, debitor və kreditor borcları, anbardakı xammal, material və hazır məhsullar, hesablaşma hesabındakı vəsait, bağlanmış və icrası davam edən müqavilələr və digər amillər nəzərə alınır".

Sorğuda vurğulanır ki, müvafiq dəyişiklik “ASK Ayaqqabı” MMC-nin nizamnamə kapitalının azaldılması deyil, müəssisənin özəlləşdirilməsinə hazırlıq işlərinin tərkib hissəsidir: "Əvvəlki dövrdə yaradılmış “ASK Ayaqqabı” MMC ilə hazırki “Bakı Ayaqqabı fabriki” ASC-nin nizamnamə kapitallarının eynilik təşkil etməməsi təbiidir", - deyə Dövlət Xidmətinin məlumatında deyilir".

Qeyd edək ki, "Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında bu günlərdə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon 45 min 102 manat və yaxud 38,8 % azaldılaraq 10 milyon 896 min 896 manatdan 7 milyon 851 min 794 manata endirilib.

Son xəbərlər

Orphus sistemi