Abas Miskərli: "Açıq bankçılıq sığorta əməliyyatlarını asanlaşdıracaq"

Maliyyə
  • 25 noyabr, 2026
  • 12:10
Abas Miskərli: Açıq bankçılıq sığorta əməliyyatlarını asanlaşdıracaq

Açıq bankçılıq Azərbaycanda sığorta əməliyyatlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrdə deyib.

"Açıq bankçılıq işləyərsə, biz avtomatik olaraq bütün maliyyə məlumatlarını bir tətbiqdən götürə biləcəyik. Nəticədə bu istiqamətdə tətbiq yaradan şirkətlər üstünlük qazanacaqlar. Doğrudur, başa düşürük ki, sığortaçılar bununla bağlı tətbiqlər yaradanlar arasında olmayacaq. Buna səbəb sığortaya çox nadir hallarda müraciətlə bağlıdır. Belə ki, müştərilər müqaviləni bağlayanda, ya da sığorta hadisəsi olanda müracət edirlər. Amma gündəlik əməliyyatlar məhz bank vasitəsilə həyata keçirilir" - o qeyd edib.

Onun sözlərinə görə, bu cür tətbiqə veriləcək funksionallıq mühüm rol oynayır: "Açıq bankçılıq olandan sonra müştəri sığorta ilə bağlı sorğu formasını dolduracaq. Nəticədə onun bank rekvizitlərini çıxacaq. Müştəri bununla digər banklarda ödəniş edə biləcək".