“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib

“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib “AzerGold” QSC əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib.
Sənaye
13 Dekabr , 2024 15:35
“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib

“AzerGold” QSC əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, “Bakı” adlı unikal sikkə paytaxtın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin mədəni irsini, dinamik inkişafını simvolizə edir. Sikkə üzərində təsvir edilmiş, əsrlərdir dillərdə dolaşan əfsanələri ilə paytaxtımızın gözəlliyinə əlavə bir cazibə qatan tarixi Qız qalası və Azərbaycanın müasir memarlıq incisi, qeyri-adi, mürəkkəb quruluşlu binası ilə şəhərin çağdaş simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi ahəngdar şəkildə keçmişlə gələcəyin vəhdətini təcəssüm etdirir. Bu vəhdəti yüzilliklərə şahidlik edən Şah məscidi ilə postmodern memarlıq tərzinin nümunəsi sayılan 3 möhtəşəm göydələn – “Alov qüllələri” tamamlayır. Kompozisiyanı üst hissədə, səma müstəvisində həkk edilmiş səkkizguşəli ulduz ornamentləri, aşağı hissədə isə mavi Xəzərin zümrüd dalğaları əhatə edir. Sikkə numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaqla yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Xatırladaq ki, “AzerGold” ilk dəfə, ötən il bu texnologiya vasitəsilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı unikal qızıl sikkə istehsal edib.

“Bakı” sikkəsinin istehsalı prosesində innovativ texnologiya ilə yanaşı, ənənəvi əl işləmələri də tətbiq edilib. Yeni nəsil gümüş sikkə həm kolleksiyaçılar, həm də əsrarəngiz paytaxtımızı sevənlər üçün mükəmməl bir hədiyyədir. 999.9 əyarlı, 2 unsiya çəkiyə malik yeni gümüş sikkə “AzerGold”un Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

“AzerGold” Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələri, eləcə də qızıl külçələri ilk dəfə 2018-ci ildə istehsal edib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının, qədim zərgərlik ənənələrinin inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.

Son xəbərlər

Orphus sistemi