Azərbaycanın polipropilen ixracından qazancı 10 % artıb
- 17 iyul, 2025
- 17:10
Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 min 501,63 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 27 milyon 897,1 min ABŞ dolları təşkil edib.
Bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 % az, dəyər baxımından isə 10 % çoxdur.
Hesabat dövründə polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 1,59 %, ümumi ixracda payı isə 0,22 % olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % azalıb, idxal isə 29,9 % artıb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.