Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib.
"Report" Agentliyə istinadən xəbər verir ki, həmin rezidentlər ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılmasını, 1 500-dən çox iş yerinin yaradılmasını planlaşdırır.
İndiyə qədər isə sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sənaye zonaları üzrə ümumi investisiya məbləği 7,18 milyard manatdır. Sahibkarlar bu günə qədər 6,56 milyard manatdan çox investisiya yatırıb və 10 600-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5 200-dən çox daimi iş yeri yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında bu günə qədər ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. İxrac “Made In Azerbaijan” brendi adı ilə 60-a yaxın ölkəyə həyata keçirilir. Bu ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 1,4 milyard manatlıq məhsul satıb ki, bunun 33,6%-lik hissəsi ixracın payına düşüb.
Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyə qədər investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri 2 000-dən artıq daimi iş yerinin yaradılmasını nəzərdə tutur.