Azərbaycandakı qızıl istehsalçısı satış üzrə gəlirlərini 13 %-ə yaxın artırıb
- 16 oktyabr, 2023
- 09:13
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti bu ilin iyul-sentyabr aylarında 2 900 unsiya həcmində qızıl külçələrinin satışını həyata keçirib.
Bu barədə “Report” şirkətin 2023-cü ilin üçüncü rübü üzrə fəaliyyəti ilə bağlı açıqladığı hesabata əsasən bildirib.
Bu, 2022-ci ilin üçüncü rübünün göstəricisi ilə müqayisədə 7 100 unsiya və ya 3,4 dəfə azdır.
Belə ki, bu müddət ərzində qızılın bir unsiyasının orta qiyməti 1 949 ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin üçüncü rübünün orta qiyməti ilə müqayisədə orta hesabla 222 ABŞ dolları və ya 12,8 % çoxdur.
Mis konsentratının satışı isə 2 358 ton həcmində olub. Bu, ötən ilin üçüncü rübünün göstəricisi ilə müqayisədə 640 ton və ya 37,2 % çoxdur. Şirkət mis konsentratının satışından 3,1 milyon ABŞ dolları əldə edib ki, bu da 2022-ci ilin üçüncü rübünün orta qiyməti ilə müqayisədə orta hesabla 0,3 milyon ABŞ dolları və ya 8,8 % azdır.
Bu ilin üçüncü rübü ərzində "Anglo-Asian Mining Plc." şirkətinin nağd pul vəsaitlərinin həcmi 8,6 milyon ABŞ dolları və ya 6 dəfə azalaraq 1,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.