Azərbaycanda üç yatağın mis hasilatı potensialı açıqlanıb

Sənaye
  • 10 may, 2023
  • 10:57
Azərbaycanda üç yatağın mis hasilatı potensialı açıqlanıb

Azərbaycanda qızıl, gümüş, mis hasilatını həyata keçirən Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti mis istehsalını artıra bilər.

“Report”un məlumatına görə, bu barədə “Hardman & Co” şirkətinin həyata keçirdiyi araşdırmalar zamanı məlum olub.

Bildirilir ki, “Anglo Asian Mining PLC” şirkəti Gədəbəy yatağının müqavilə sahəsindən xeyli kənara çıxan daha böyük mədən biznesi yaradacaq genişlənməyə başlayır.

Belə ki, 2022-ci ildə şirkətə hər birində əhəmiyyətli mis ehtiyatı olan üç müqavilə sahəsi pulsuz verilib. Bunlar təxminən 100 min ton ehtiyatı olan “Xarxar”, 300 min tondan çox “Qaradağ” yatağı və təxmini 200 min ton ehtiyatı olan “Dəmirli” müqavilə sahələridir.

Hesabatda həmçinin bildirilir ki, “Xarxar” və “Qaradağ” (Mis 1) və “Dəmirli” (Mis 2) inteqrasiya layihəsinin mərhələli inkişafı “Anglo Asian Mining” şirkətini kiçik həcmli qızıl hasilatı şirkətindən təxminən illik 50 min ton mis hasilatı və qızıl və sink əhəmiyyətli yan məhsulları istehsalı olan orta ölçülü mis istehsalçısına çevirəcək.

“Hardman & Co” şirkəti “Gədəbəy” + Mis 1 – “Xarxar” və “Qaradağ” + Mis 2 – “Dəmirli” yataqlarının əsas səhmlərinin ümumi dəyərini hər səhm üçün 214 pens qiymətləndirir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.