Azərbaycanda qızıl istehsalçısı yerli bankdan 10 milyon dollar kredit cəlb edib

Sənaye
  • 12 oktyabr, 2023
  • 10:08
Azərbaycanda qızıl istehsalçısı yerli bankdan 10 milyon dollar kredit cəlb edib

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti Azərbaycan Beynəlxalq Bankından (ABB) 10 milyon ABŞ dolları həcmində kredit cəlb edib.

Bu barədə “Report” Böyük Britaniya şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, bu vəsait “Micon” beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan ekoloji ekspertiza zamanı dayandırılan bərpaolunan kredit xətti çərçivəsində istifadə edilib. “Micon International Co Ltd” konsaltinq şirkəti Azərbaycan hökuməti adından tam ekoloji yoxlama aparmaq üçün avqust ayında Gədəbəy tullantıların saxlanılması sahəsində şirkətin müəssisələrinə baş çəkməyə başlayıb. Yekun hesabat şirkət tərəfindən sentyabrın 26-da təqdim olunub.

ABB-dən cəlb edilmiş kredit “Anglo Asian Mining” şirkəti üçün 32,3 milyon ABŞ dolları məbləğində açılmış kredit xətti çərçivəsində cəlb edilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.