Azərbaycanda qızıl hasilatçısının ixrac gəlirləri açıqlanıb
- 30 dekabr, 2023
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Azerbaijan İnternational Mining Company Ltd.” şirkəti 53,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Bu, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 38,3 milyon ABŞ dolları və yaxud 41,8 % azdır.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azerbaijan International Mining Company Ltd.” şirkəti “Anglo Asian Mining Plc."nin törəməsidir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4 %), 182,046 min unsiya gümüş (artım 17,8 %) və 2,516 min ton mis (azalma 5 %) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası 1,783 min ABŞ dolları olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7 %) satılıb.