Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası həyata keçiriləcək
- 11 oktyabr, 2021
- 13:44
“Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı “Təmiz Şəhər” ASC-də daxil olmaqla bir sıra qurumların üzərində işlədiyi yeni layihədir və bu layihə ilə bağlı bir sıra məsələlər razılaşdırılma mərhələsindədir”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Təmiz Şəhər”dən bildirilib.
Məlumata görə, layihə razılaşdırıldıqdan sonara Nazirlər Kabinetinə təqdim olunacaq və qərar verildikdən sonra proqramın tətbiqinə başlanılacaq: “Utilizasiya proqramı könüllülük əsasında tətbiq olunacaq və stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Belə ki, köhnəlmiş və ya yararsız nəqliyyat vasitəsini utilizasiyaya verən şəxs yeni istehsal olunmuş nəqliyyat vasitəsi alarkən ona müəyyən məbləğdə endirim edilməsi, endirim əldə etmək niyyətində olmayan şəxslərə isə alternativ olaraq müəyyən məbləğdə birdəfəlik ödənişin edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlayıb. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunub.