Azərbaycanda minik avtomobillərinin istehsalı 67 %-ə yaxın artıb
- 17 dekabr, 2024
- 12:21
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 225 ədəd minik avtomobili istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 088 ədəd və ya 66,6 % çoxdur. Bu ilin dekabrın 1-nə olan məlumata görə, ölkədə 207 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 11 ayında Azərbaycanda 725,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 % artıb, maşın və avadanlıqların istehsalı 46,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 % azalıb.
Bu ilin yanvar-noyabr aylarında ölkədə 576 ədəd və ya 2023-ci ilin müvafiq ayları ilə müqayisədə 0,5 % az yük avtomobili istehsal olunub. Dekabrın 1-nə ölkədə 23 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 535 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,6 % azdır. Dekabrın 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.