Azərbaycan yaxın gələcəkdə Rusiya üçün tekstil xammalı tədarükçüsü ola bilər
- 26 may, 2022
- 07:48
Rusiyanın tekstil sənayesi sanksiyalara görə xaricdən idxal olunan xammal həcmlərinin 85 %-ni itiriblər. Bu da, öz növbəsində, təkrar tekstilin qiymətlərinin 3 dəfə artmasına səbəb olub. Avropadan idxalın dayandırılması ilə əlaqədar Rusiyada tekstil emalçıları demək olar ki, xammalsız qalıb. Bazar iştirakçılarının hesablamalarına görə, indi ölkə tekstil yığımını təkrar emal üçün yeddi dəfə artırmalıdır.
Yaranmış vəziyyətin Azərbaycana təsiri də istisna olunmur. Bəs bu təsiri minimuma endirmək mümkündürmü?
Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının vitse-prezidenti Səkinə Babayeva “Report”a bildirib ki, biz bu il xammal ehtiyatlarını artırmalıyıq, istehsal həcmlərini genişləndirməliyik ki, yaxın zamanlarda tələbatlarımızı ödəyə bilək.
“Düşünürəm ki, məhsul istehsal etmək üçün xammalı Orta Asiya ölkələrindən, xüsusilə Özbəkistandan tədarük edə bilərik. Bu imkan yaradacaq ki, həm daxili bazarın ehtiyaclarını ödəyək, həm də məhsullarımızı ixrac edək. Bu vəziyyət yeni bazarların açılması üçün mükəmməl bir fürsət yaradacaq”.
S.Babayeva Rusiyanı tekstil üzrə çox böyük alıcı hesab edir:
“Rusiya Türkiyədən, Orta Asiya ölkələrindən və eyni zamanda Çindən böyük həcmdə tekstil məhsulları alırdı. Bunun 11 %-i brend məhsulları təşkil edirdi.
Biz Rusiyadan tekstil xammalı o qədər də almırdıq. Bu baxımdan Rusiyadan asılılığımız elə də yüksək deyil. İdxal etdiyimiz xammal məhsulları əsasən Ukraynadan olurdu, bunlar da sintetik ipliklərdir.
Biz əsasən Türkiyədən və Çindən aldığımız xammal hesabına ehtiyat yaradırıq. Lakin hazırda elə Rusiyanın özünün Azərbaycandan alacaq bir çox alt geyim malları var ki, biz çalışmalıyıq bu tələbi ödəyək. Bunun üçün daha çox emal müəssisələri yaratmalıyıq. Belə istehsal xətlərinin çatışmadığı halda yerli pambığımızı qonşu ölkələrdə özümüz üçün emal etməliyik.
Rusiyanın alt paltarlarına olan ehtiyacı nəzərə alaraq, Türkiyə ilə güclərimizi birləşdirib, logistik problemləri həll edib, ixracatı həyata keçirməliyik ki, Rusiya kimi geniş bazarı əldə edə bilək”.
S.Babayeva hesab edir ki, Azərbaycan yaxın gələcəkdə Rusiya üçün xammal tədarükçüsü də ola bilər:
“Bildiyiniz kimi, Rusiya sintetik iplikləri Çin, İndoneziya, Sinqapur kimi ölkələrdən alırdı. İndi yaranmış vəziyyətlə bağlı Rusiya bu məhsullarla təmin oluna bilmir. Azərbaycan neft ölkəsi olduğu üçün sintetik ipliklərin istehsalına başlaya bilər. Bu bazarı ələ keçirmək üçün yaxşı fürsət yaranıb”.
Ölkənin tekstil bazarının araşdırmasını aparan Avropa İttifaqının məsləhətçisi İbrahim Məmmədzadə bildirib ki:
“2007-2009 illərdə hökumət tekstil sektoruna dəstək proqramını həyata keçirdi. Bununla Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə belə müəssisələr özəlləşdirildi. Ənənəvi olaraq bu müəssisələr Rusiya və digər MDB ölkələri ilə işbirliyi qururdular. Amma yatırım və təcübə olmadığı üçün onlar regional bazarlara çıxa bilmədilər. Beləliklə də ənənəvi bazarlarda paylarını itirdilər və Türkiyə, Çin, Pakistan kimi tekstil ölkələrindən xammal və hazır mal gətirməyə başladılar.
Hazırda xammal qiymətləri sürətlə artır. Bu isə dünyada logistika xərclərinin artması ilə bağlı məsələdir. Rusiyadan asılı olan müəssisələr üçün isə alternativ olaraq Serbiya, Bosniya, Banqladeş, Vyetnam uğurlu seçim ola bilər”.
Qeyd edək ki, Azərbaycanda 2021-ci ildə tekstil sənayəsində pambıq lifi 92 milyon 452,7 ton (2020-ci ilə nisbətən 29,2 % artıb), hazır pambıq parçalar 33 milyon 683,9 min kv.metr (12,4 % artıb), pambıq iplik 22 milyon 495,2 ton (93,3 % artıb), pambıq yataq ağları 350 milyon 9 min ədəd (30,9 % artıb), üst geyim 705 milyon 5 min ədəd (7,8 % azalıb), alt geyim 63 milyon 8 min ədəd (6,4 % artıb), corab məmulatları 3 milyon 078,5 min cüt (2,8 % artıb), kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri 295 milyon 2 min ədəd (78 % azalıb) qadın və ya qızlar üçün kostyum və komplektlər 7 min 076 ədəd (27 % azalıb), dəri 60 milyon 2 min kv.metr (7,7 % azalıb), aşılanmış xəz dərilər 4,7 min kv.metr (96 % azalıb) istehsal olunub.