Nuran Abdullayev: “Koronavirusun beyində də ciddi fəsad yaratmasına rast gəlindi”

Nuran Abdullayev: “Koronavirusun beyində də ciddi fəsad yaratmasına rast gəlindi” Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev mətbuatda çıxış edərək koronavirusun təkcə ağciyərləri deyil, eyni zamanda beyini də zədələdiyini bəyan edib.
Sağlamlıq
4 Aprel , 2020 12:57
Nuran Abdullayev: “Koronavirusun beyində də ciddi fəsad yaratmasına rast gəlindi”

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev mətbuatda çıxış edərək koronavirusun təkcə ağciyərləri deyil, eyni zamanda beyini də zədələdiyini bəyan edib.

“Report” məsələ ilə bağlı N.Abdullayevə müraciət edib və məsələnin elmi tərəfini aydınlaşdırmaq üçün açıqlama alıb.

N.Abdullayev bildirib ki, son günlər Çində aparılan elmi tədqiqatlardan artıq məlum idi ki, COVID-19 virusuna yoluxmuş xəstələrin böyük bir qismində nevroloji simptomlar müşahidə olunur:

“Belə ki, bir tədqiqatda hər 3 xəstədən 1-də nevroloji simptomlar olduğu qeyd olunurdu ki, bunlarda da xəstəlik daha ağır keçib və ölüm faizi yüksək olub. Bundan əlavə olaraq, başqa bir tədqiqatda ölənlər arasında hər 5 nəfərdən 1-də beyinin hipoksiyadan (oksigensizlikdən) yaranan zədələnməsinə rast gəlindiyi söylənilirdi. Bu isə virusun həqiqətən birbaşa beyinə təsir etməsi fikrini ortaya çıxartsa da, bu fikrə qarşı olan elm adamları ağciyər çatışmazlığı olan xəstələrin onsuz da 30%-da belə beyin zədələnməsinin olduğunu misal gətirərək iddianı təkzib edirdilər.

Buna qarşılıq olaraq isə elmi ədəbiyyatda daha öncəki virusların (SARS və MERS) qoxu sinirləri ilə beyinə təsirinin olduğu bildirilərək məhz COVID-19 virusunun da beyinə təsirinin bu yolla ola bilməsi fikri irəli sürülüb”.

N.Abdullayevin sözlərinə görə, bütün bu müzakirələrə son qoyacaq hadisə isə daha sonra Amerikada baş verib:

“Belə ki, qızdırma, öskürək və nevroloji simptomlarla xəstəxanaya daxil olan xəstədə COVID-19 virusu təsdiq olunub, nevroloji simptomlarına görə çəkilən beynin MRT müayinəsində ağır dərəcədə beyində fəsad aşkar edilib. Bu da onu deməyə əsas verir ki, bu virusun beyində də ağır fəsadlar törədə bilməsi mümkündür və çoxlu sayda xəstələrdən ibarət son elmi tədqiqata ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi