Bakı. 28 sentyabr. REPORT.AZ/ "Son illər Belarusdan Azərbaycana göndərilən dərman preparatlarının həcmində artım müşahidə olunur".
"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşko deyib.
O qeyd edib ki, Belarus və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də əməkdaşlıq münasibətləri formalaşıb: "Belarus mütəxəssislərinin Azərbaycanda yüksək tibbi məlumatların bölüşməsi, birgə əməliyyatların icra olunması, həkimlərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılması sahələrində ildən-ilə yüksəliş nəzərə çarpır".
Nazir bildirib ki, iki ölkə arasında səhiyyənin xüsusilə uşaq və böyük onkoloji xəxtəliklər, orqan hüceyrələrinin transplantasiyası, kardiologiya və digər sahələrdə əməkdaşlıqda irəliləyişlər əldə olunub: “Bu uğurlu əməkdaşlıqdan hər iki ölkənin vətəndaşları bu gün və gələcəkdə faydalanacaq".