Yaponiyada dünyada ilk dəfə olaraq induksiya edilmiş kök hüceyrələrin (iPS-hüceyrələr) istifadəsinə əsaslanan ürək xəstəliklərinin müalicəsi üsulu təsdiqlənə bilər.
“Report” xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Osaka Universitetinin “Qualips” tibbi startapı yaxın vaxtlarda Yaponiya Səhiyyə Nazirliyinə iPS-hüceyrələrdən istifadə etməklə ürək xəstəliklərini müalicə etməyə imkan verən öz tərtibatının kommersiyalaşdırılması və istifadəsinin təsdiqi üçün ərizə təqdim edəcək. Metod ürəyin işemik xəstəliyi olan xəstəyə iPS-hüceyrələrdən yaradılmış ürək toxumasının köçürülməsini nəzərdə tutur. Kliniki sınaqlar zamanı belə toxuma səkkiz xəstəyə köçürülüb – nəticədə onların hamısında ürək funksiyasında əhəmiyyətli irəliləyiş müşahidə olunub. Bu müalicə üsulunun ürək üçün transplantasiya əməliyyatından daha az risk daşıdığı, əməliyyatın özünün isə daha az vaxt tələb etdiyi vurğulanıb.
Təsdiq edilərsə, bu, ürək xəstəliklərinin iPS-hüceyrələrdən istifadə etməklə dünyada ilk müalicəsi olacaq.