Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər komandası koronavirusun mənbəyini axtarmaq üçün 2021-ci ilin yanvarında Çinə yola düşəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə missiyanın üzvü Fabian Lenderts bildirib.
O, qeyd edib ki, ekspertlər artıq Çin alimləri ilə müzakirəyə başlayıblar. Ehtimal ki, ÜST mütəxəssisləri Uhana gedəcəklər.
"Bu, təqsirkar ölkəni tapmaq üçün deyil. Bu, nəyin baş verdiyini anlamağa çalışmaq üçündür ki, sonra baxaq görək, gələcəkdə bu informasiya əsasında riski azaltmağa çalışa bilərikmi", - Lenderts deyib.
Mütəxəssislər virusun ilk dəfə qeydə alınmasından əvvəl dövr edib-etməməsini müəyyənləşdirmək istəyirlər. Həmçinin onlar Uhan şəhərində virusun heyvandan insana ötürüldüyü mümkün yeri - bazarı öyrənəcəklər.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında məhz Uhan şəhərində qeydə alınıb.
Pandemiyanın başlanğıcından dünyada 72 milyon koronavirus xəstəsi qeydə alınıb, virusa yoluxmuş 51 milyon pasiyent sağalıb, 1,6 milyondan çox insan infeksiyanın qurbanı olub.