Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə daha iki əməliyyat keçirilib. ATU-dan "Report"a verilən xəbərə görə, türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən əməliyyata İstanbul Florans Nightengale Xəstəxanasının Bilim Universitetinin professoru Barış Akil da qatılıb.
Həkim Barış Akil Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan razı olduğunu bildirib: "Azərbaycanın Tibb Universitetində böyrək transplantasiyasının necə sürətlə inkişaf etdiyini görürük və bundan çox məmnunuq. Burada birgə icra etdiyimiz əməliyyatlarda müasir texnologiyadan istifadə olunur, elektroperetoskopik donor reftoktomi adlandırılan kameranın köməyilə böyrək çıxarılır".
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov isə qeyd edib ki, bu əməliyyat Klinika yaradılandan etibarən artıq ikinci və üçüncü böyrək transplantasiyasıdır: "İlk əməliyyatımız bu ilin avqust ayında eyni həkim briqadası tərəfindən aparılmışdı. Bu dəfə isə iki əməliyyat həyata keçirildi".
N.Bayramov ATU ilə İstanbul Bilim Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsinin olduğunu xatırladıb: "Bu müqavilə çərçivəsində bir çox sahələrdə əməkdaşlıq edirik. Onlardan biri də böyrək və pankreas köçürülməsi üzrə əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində gələcəkdə daha böyük işlər görəcəyimizə də inanırıq".
Qeyd edək ki, hazırda hər iki xəstənin vəziyyəti normaldır.