Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, ümumilikdə respublika üzrə təxminən 1 000-ə qədər ambulans istismardadır: "Bu günə qədər 349 ambulans alınıb.
TƏBİB-in icraçı direktoru qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir:
"Ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanır. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Ehtiyac üzrə stansiya və filialların sayının artırılmasını da nəzərə tutmuşuq".
O xatırladıb ki, bu ilin mart ayında Prezident İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Həmin avtomobillər daha sonra ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub: "Sonuncu partiya ölkəyə gətirilən həmin 100 təcili tibbi yardım avtomobilindən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzli idi".