Bakı şəhəri, Qaradağ rayonu 195 nömrəli tam orta məktəb şagirdin qızılcadan ölməsi ilə bağlı məlumat yayıb.
Məktəbdən "Report"a bildirilib ki, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər.
Müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib.
Məktəbdən qeyd olunub ki, məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır. Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək. Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib. Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib.
Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb.
TƏBİB-dən "Report"a verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.
Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: "Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür".
Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.