TDT-yə üzv ölkələrin xərçənglə mübarizə strategiyası formalaşdırılacaq
- 13 iyun, 2025
- 12:02
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xərçənglə mübarizə strategiyası formalaşdırılacaq.
“Report” xəbər verir ki, bunu Avrasiya Klinik Onkologiya Cəmiyyətinin rəhbəri Hilmi Kodaz jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türk dövlətlərində ağciyər və süd vəzi xərçəngi daha geniş yayılıb:
"Bakıda keçirilən tədbir çərçivəsində Türk dünyasında xərçəng xəstəliyi ilə mübarizə aparan həkimlər bir araya gəlib. Xərçəngin erkən diaqnostikası, profilaktikası və müalicəsi üzrə ortaq əməkdaşlıq imkanları müzakirə olunacaq. Burada birgə "yol xəritəsi" hazırlanacaq və bunun əsasında müxtəlif komissiyalar yaradılacaq. Həmin komissiyalar da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xərçənglə mübarizə strategiyasını formalaşdıracaqlar”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyəcək, fikir mübadiləsi aparacaqlar.
Konqres işini iyunun 14-dək davam etdirəcək.