"Liv Bona Dea International Hospital"a mediatur təşkil olunub.
"Report"un xəbərinə görə, tədbir zamanı media nümayəndələrinə tibb müəssisəsinin fəaliyyəti və burada həyata keçirilən tibbi yeniliklər barədə məlumat verilib.
Qeyd olunub ki, burada pasiyentlərə peşəkar həkimlər və tibb kollektivi tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir.
Mediatur zamanı jurnalistlər xəstəxanada bütün şöbələrlə və şöbələrin peşəkar komandalarının fəaliyyəti ilə əyani şəkildə tanış olublar. Məlum olub ki, 8209 çarpayılıq xəstəxanada - 12 əməliyyat və 2 anjio otağı, 156 stasionar xəstə çarpayısı, 28 yerlik ümumi reanimasiya bölməsi, 6 yerlik ürək-damar cərrahiyyə reanimasiya bölməsi, 7 yerlik yenidoğulmuşların reanimasiyası bölməsi və təcili yardım şöbəsində 12 çarpayı mövcuddur.
Jurnalistlərə bildirilib ki, xəstəxanadakı tibbi avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətləri tərəfindən istehsal olunub. "Bona Dea International Hospital"ı və "Liv Medical Group" arasında bağlanan müqaviləyə əsasən, hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir.
Burada qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkoloji əməliyyatlar, ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, diaqnostika və müalicə xidmətləri mövcuddur.
Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur.
Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.
Tibb müəssisəsində 6 Suit palata, 2 VİP palata, 1 Premium palata mövcuddur. Palataların ödənişi xəstə yaxınlarının palatada qaldığı müddətdə istifadə etdikləri xidmət sayından asılı olaraq dəyişir.
Tədbir zamanı xəstəxana rəhbərliyinin qaraciyər transplantasiyası həyata keçirilən pasiyentlərlə görüş keçirilib. Görüş də media nümayəndələri də iştirak edib və onları maraqlandıran suallara cavablar verilib.
"Liv Bona Dea International Hospital"ın baş direktoru Taner Özbək çıxışında hospitalın fəaliyyəti, gördüyü işləri və gələcəkdə nəzərdə tutulan layihələr haqqında məlumat verib.
Qeyd olunub ki, xəstəxanada 12 transplantasiya əməliyyatı həyata keçirilib və bütün xəstələr sağlam şəkildə evə buraxılıblar.
"Liv Bona Dea International Hospital"nın baş həkimi Cabir Gülmalıyev bildirib ki, ən çətin əməliyyatların böyük əksəriyyəti bu tibb müəssisəsində müvəffəqiyyətlə həyata keçirilir: "Həkimlər, tibbi personal maksimum çalışır ki, pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərsin. Biz inanırıq ki, gələcək də həkim personalınımız bu sahədə ilklərə imza atacaqlar".
"Liv Bona Dea International Hospital"ın cərrah-transplantoloqu Eldar Əhmədov isə deyib ki, qaraciyər transplantasiyası çətin əməliyyatlardan biridir. Onun sözlərinə görə, aralarında azyaşlı olmaqla 12 xəstə üzərində canlı donordan qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib: "Bu proses bizim peşəkar həkim kollektivi tərəfindən həyata keçirilir. Proseslər kifayət qədər uğurla həyata keçirilir".
Sonda həkimlər medianın suallarını cavablandırıb, xəstələrlə xatirə şəkli çəkilib.
Qeyd edək ki, yüksək standartlara cavab verən hospital ölkəmizdə və regionda Beynəlxalq Birgə Komissiya (JCI) tərəfindən 100% nəticə ilə qiymətləndirilən ilk səhiyyə müəssisəsidir.
Hospitalın açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 27 mart 2018-ci ildə reallaşdırılıb.
“Liv Bona Dea Hospital” 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən "Liv Hospital " şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyalarından biridir. "Bona Dea International Hospital" və "Liv Medical Group" arasında bağlanan müqaviləyə əsasən hospital “Liv Bona Dea” brendi adıyla sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərir.