Ohayo ştatında avtobusların toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var
- 24 noyabr, 2026
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki avtobus sürücüsü ölüb, doqquz nəfər xəsarət alıb.
"Report" bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Məlumata görə, şəhərin şimalında Ohayo Mərkəzi Nəqliyyat İdarəsinin iki avtobusu toqquşub, qəzada üçüncü avtomobil də iştirak edib. İlkin məlumatlara görə, avtobuslardan biri naməlum səbəbdən qoşa xətti keçərək digər avtobusla toqquşub.
Avtobus sürücüləri Riçard Terri (53 yaş) və Pol Kouplend (60 yaş) həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Avtobuslarda və üçüncü avtomobildə olan doqquz nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabil qiymətləndirilir, xəsarətləri həyat üçün təhlükə yaratmır. Piyadalar zərər çəkməyib.
Qəzanın başvermə səbəbi araşdırılır.