Gəncədə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib.
Məktəbdən “Report”a verilən məlumata görə, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.
"Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib",- məktəbdən qeyd edilib.
Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.
Bu barədə "Report"a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.