ABŞ-nin San Luis Vaşinqton Universitetində işləyən Aytəkin Hüseynli məişət zorakılığının yaratdığı problemləri açıqlayıb.
"Report" xəbər verir ki, o, Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı məişət zorakılığı hallarına davamlı və kəskin formada məruz qalan şəxslərdə xroniki stres baş verdiyini deyib.
Onun sözlərinə görə, mərkəzi sinir sistemindəki problemlər digər orqanları da sıradan çıxarır: "Günümüzün əsas problemlərindən biri olan onkoloji xəstəlikləri yaradan əsas səbəb stresdir. Ailədə zorakılıq hallarının baş verməsi təkcə münasibətdə olan şəxslərin deyil, birbaşa olaraq uşaqların həyatına təsir edir. Bu onların davranışlarında özünü büruzə verərək gələcək iş və ailə həyatına da təsir edir. Nəticədə həmin şəxs uğursuzluqla qarşılaşır. Ona görə də məişət zorakılığına heç bir formada dözmək olmaz".
A.Hüseynli bildirib ki, məişət zorakılığı zamanı qadınların ən çox üzləşdiyi və səssiz qalmağa məcbur olmasının səbəbi iqtisadi azadlığının olmamasıdır: "Ümumiyyətlə, iqtisadi baxımdan sıxıntıların olması ailədə gərginliyin yaranmasına gətirib çıxarır. Bu isə ailədə məişət zorakılığı hallarının baş verməsi ilə nəticələnir. İqtisadi cəhətdən problemi olmayan xanımlar daha özgüvənli olur, maliyyə problemi yaşayanlar isə daha çox zorakılıq hallarına məruz qalırlar. Ona görə də iqtisadi zorakılıq vacib bir məqamdır. Bir problemi həll etmək üçün əvvəlcə onu tanımaq və ad qoymaq lazımdır. Təhsildən kənarda qalan və ya buna məcbur edilən qızlarımızı təhsilə cəlb etməli, onlara maliyyə bacarıqlılığını aşılamaq lazımdır".