Bakıda özəl klinikada həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olduğu aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb.
Mediadan daxil olan müraciətlərdə “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə, cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.
Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.
Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.