Azad olunan ərazilərdə göstərilən tibbi xidmətlərin statistikası açıqlanıb

Sağlamlıq
  • 19 dekabr, 2025
  • 13:17
Azad olunan ərazilərdə göstərilən tibbi xidmətlərin statistikası açıqlanıb

Azad olunan ərazilərdə göstərilən tibbi xidmətlərin statistikası açıqlanıb.

"Report"un məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib ki, hazırda Qarabağ regional TƏB üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində vətəndaşlara ixtisaslı tibbi xidmət göstərilir.

O bildirib ki, Şuşa Modul Tipli Xəstəxanasında 35 min 449 müraciət üzrə 55 min 408 tibbi xidmət, Xankəndi xəstəxanasında 37 min 782 müraciət üzrə 44 min 982 tibbi xidmət, Zəngilan Modul Tipli Xəstəxanasında 4 min 458 müraciət üzrə 4 min 458 tibbi xidmət göstərilib.

Qeyd olunub ki, Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və eyni sayda tibbi xidmət icra edilib.

Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 min 895 müraciət üzrə 62 min 539 tibbi xidmət həyata keçirilib.

V.Qurbanov əlavə edib ki, bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə yeni layihələrin icrası planlaşdırılır:

"90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması nəzərdə tutulur. KT və MRT avadanlıqları ilə təchiz olunmuş 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının qurulması planlaşdırılır. Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalı rayonunda isə müasir uşaq və böyük poliklinikasının yaradılması nəzərdə tutulub".

Son xəbərlər

Bütün Xəbər Lenti