Avropanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin açıqladığı məlumatlara əsasən, qitənin 11 ölkəsində salmonellyoz infeksiyası qeydə alınıb.
“Report” bu barədə Belçika mətbuatına istinadən xəbər verir.
Avstriya, Belçika, Almaniya, Danimarka, İrlandiya, Niderland, Norveç, Sloveniya, Finlandiya, Fransa, İsveçdə çirklənmiş toyuq ətinin istehlakı nəticəsində ümumilikdə salmonellyoza 134 yoluxma halı qeydə alınıb.
Xəstəliyə yoluxma hallarının azı 97-si Danimarkanın payına düşür. Avstriyada salmonellyozdan 1 ölüm qeydə alınıb. Ən çox yoluxma yanvar-avqust ayları arasında qeydə alınıb.
İki həftə əvvəl Avstriyanın səhiyyə orqanları salmonellyoz infeksiyası ilə Polşadan hazırlanmış toyuq məhsulları arasında mümkün əlaqədən narahatlığını bildirib. Məlum olub ki, xəstələrin demək olar, hamısı Polşa istehsalı olan toyuq kababı yeyirmiş.