“Qurban bayramı münasibətilə Şuşa, Füzuli, Ağdərə və Zəngilanda müasir tələblərə cavab verən ət kəsimi çadırları quraşdırılıb”.
Bu barədə “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.
Onun sözlərinə görə, kəsim aparılan bütün məntəqələrdə baytarlıq xidməti və səyyar laboratoriyalar təşkil edilib:
“Çadır tipli məntəqələr baytarlıq xidməti ilə təmin olunub. Bütün gigiyenik tələblər gözlənilməklə heyvanlar kəsilir. Eyni zamanda burada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Həkim mütəxəssislər kəsiləcək heyvanların müayinələrini aparır. Əgər şübhəli hal varsa heyvanların daxili orqanlarından analizlər üçün nümunələr götürülür və dərhal da səyyar laboratoriyalara müayinələr aparılır. Eyni zamanda, mərkəzi baytarlıq laboratoriyalarında analizlər həyata keçirilməsi nəzərdə tutulur”.
İlkin Kərimov əlavə edib ki, Quran bayramı günləri münasibətilə AQTA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
“Agentliyin mərkəzi aparatının və eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun 350 - dən çox əməkdaşı kəsim - satış məntəqələrində nəzarətə cəlb olunub. Fəaliyyətimizi həm yerli icra hakimiyyəti, daxili işlər orqanları ilə birlikdə həyata keçiririk. Xatırladım ki, bu il qurbanlıq heyvanların kəsimi və satışı üçün, ölkə üzrə 147 məntəqə təşkil edilib”.
Qeyd edək ki, 16 - 17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilən Zəngilan, rayonu Ağalı, Ağdərə rayonu Talış kəndində, ikinci dəfə, Şuşa, Füzuli və Laçın rayonlarında isə ilk dəfə qurbanlıq heyvanların kəsim - satışı təşkil edilib.