ABŞ alimləri COVID-19-dan ölüm faizini əhəmiyyətli dərəcədə aşağı salan faktoru aşkar ediblər.
“Report” xəbər verir ki, Boston Universitetinin Tibb Məktəbinin tədqiqatçılarının bununla bağlı elmi işi “PLOS ONE” jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, qanında normal D vitamini olan koronavirus pasiyentləri arasında ağırlaşma halları və ölümlər daha azdır.
Beləliklə, 40 yaşdan yuxarı insanlar arasında bədəndə kifayət qədər maddəsi olanların ölüm faizi qalanlara nisbətən 51,5 faiz daha azdır. Alimlər bədəndə D vitamininin kifayət qədər olmasının “sitokin fırtınası” kimi fəsadların qarşısını almağa kömək edə biləcəyini də vurğulayıblar.
Daha əvvəl Rokfeller Universitetinin (ABŞ) alimləri COVID-19-un həyat üçün təhlükəli olmasının və virusdan ölüm hallarının immunitet sisteminin zəifliyi ilə əlaqəli olduğunu bildiriblər. Tədqiqatçıların gəldiyi nəticələrə əsasən, COVID-19-un ağır forması ilə tədqiq edilən azı 3,5 faiz pasiyentin antivirus müdafiəsində iştirak edən genlərdə mutasiyalar var.