Bakı. 6 dekabr. REPORT.AZ/ “Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü və istehsalçısının maraqları yoxdur”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının dekabrın 6-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında bildirib.
“Avrasiya İqtisadi İttifaqı bütöv bir sistemdir. Neft-qaz bazarının əsaslarının formalaşmasında prinsiplər üzrə razılaşmanın yoxluğu bizə ittifaqın daha sürətlə tərəqqi etməsinə imkan vermir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, min kubmetr təbii qazın nəqli Belarusda 3 dollar təşkil edir, ancaq bu, rusiyadaxili tariflərdə 3 dəfə az, yəni 1 dollardır: “Nəticədə Belarus Smolensk vilayətində qazın min kubmetrinə 130 dollar ödəyir”.
Rusiya Prezidenti Vladimir Putin KİV-in iştirakı olmadan bu məsələnin ədalətlə və açıq müzakirəsini məsləhət görüb. Onun sözlərinə görə, 2018-ci ildə Belarusa min kubmetr qazı 129 dollara satıblar. 2019-cu ildə isə bu rəqəm 127 dollar olacaq: “Almaniyaya isə 250 dollara satılır”.