Zurab Musayev: Gürcüstan xalqı seçim qarşısındadır – sülh, yoxsa müharibə partiyası

Zurab Musayev: Gürcüstan xalqı seçim qarşısındadır – sülh, yoxsa müharibə partiyası Bu gün Gürcüstan xalqı seçim qarşısındadır. Xalq qarşıdan gələn parlament seçkilərində ya sülh, ya da müharibə partiyasına səs verəcəyinə qərar verməlidir.
Region
19 Oktyabr , 2024 21:31
Zurab Musayev: Gürcüstan xalqı seçim qarşısındadır – sülh, yoxsa müharibə partiyası

Bu gün Gürcüstan xalqı seçim qarşısındadır. Xalq qarşıdan gələn parlament seçkilərində ya sülh, ya da müharibə partiyasına səs verəcəyinə qərar verməlidir.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində gürcüstanlı siyasətçi Zurab Musayev söyləyib.

“Gürcüstan xalqı son 12 ildə “Gürcü arzusu”nun hakimiyyəti dövründə gördü ki, ölkədə müharibə yoxdur, nahaq qanlar tökülmür, ölkə iqtisadiyyatı inkişaf edir. İnsanlar milliyyətindən, dinindən və dilindən asılı olmayaraq sülh şəraitində yaşayırlar. Ona görə də düşünürəm ki, xalq bu seçkilərdə də hakim partiyaya səs verəcək”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu gün Gürcüstan xalqı seçim qarşısındadır. Xalq fikirləşməlidir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində kimə – sülhə, yoxsa müharibə partiyasına səs versin?

“Fikrimcə, insanlara sülh və sabitlik, inkişaf, firavanlı lazımdır. Bunu da Gürcüstana və Gürcüstan xalqına “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası verə bilər” – Z.Musayev vurğulayıb.

Z.Musayevə görə, ABŞ və bəzi Qərb dövlətləri Qafqazda söz sahibi olmaq üçün kiçik dövlətlərə hökm etmək, onları özlərinə tabe etdirmək istəyirlər:

“Amma bu mümkün deyil. Gürcüstan xalqı çətin sınaqlardan keçərək öz müstəqilliyinə qovuşub, suveren dövlətdir. Bu gün Gürcüstan ABŞ, Qərb, eləcə də Şərq dövlətləri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Hamıya da eyni cür dost əlini uzadır. Bunu istəməyənlər isə özləri bilərlər, bizimlə dost olmaq istəmirlərsə, istəməsinlər. Amma bizimlə də düşmənçilik etməsinlər. Bu heç kimə xeyir gətirməz”.

“Bu gün Gürcüstanın bəzi dövlətlərlə çox mehriban qonşuluq və dostluq əlaqələri var. Bu əlaqələr seçkilərdən sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Gürcüstanın Qərb və ABŞ ilə də münasibətləri seçkilərdən sonra yenə də öz qaydasına düşəcək. Gürcüstanda, Qərbin iddia etdiyi kimi, birpartiyalı hökumət yoxdur və olmayacaq. Bizim çoxpartiyalı parlamentimiz var, seçkilərdən sonra da belə olacaq və Gürcüstan demokratiya prinsiplərinə uyğun olaraq inkişaf edəcək” – Z.Musayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi