Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsveçin Baş naziri Ulf Kristersson Stokholmda təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli saziş imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” prezident aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sənədə əsasən, 2024-2026-cı illər ərzində İsveç Ukraynaya təxminən 6,5 milyard avro dəyərində hərbi yardım göstərəcək və bu da ildə təxminən 2,2 milyard avro deməkdir. Sazişin 10 illik müddəti ərzində yardımın həcmi artacaq.
Bundan başqa, Ukraynanın hərbi dəstəyinə aviasiya və hava hücumundan müdafiə, zirehli texnika, artilleriya, gücləndirilmiş dəniz təhlükəsizliyi, minalardan təmizləmə yardımı və pilotsuz uçuş aparatları daxildir.
Qeyd edilib ki, İsveç artıq Ukraynanı “Archer” artilleriya sistemləri və CV90 döyüş maşınları ilə təmin edib və bundan sonra da təmin edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün İsveçin paytaxtına səfər edib.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" telekanalı V.Zelenskinin teleqram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, bu gün təhlükəsizlik təminatı ilə bağlı üç sazişin imzalanması planlaşdırılır.
Prezidentin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri, Silahlı Qüvvələri silahla təmin etmək və s. Ukraynanın əsas prioritetləridir.
V.Zelenski İsveçin Baş naziri Ulf Kristersson, Finlandiya Prezidenti Aleksandr Stubb, Danimarkanın Baş naziri Mette Frederiksen, Norveçin Baş naziri Jonas Qahr Styore və İslandiyanın Baş naziri Byarni Benediktsson ilə görüşəcəyini bildirib.
Ukrayna Prezidenti İsveç Kralı XVI Karl Qustav və müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşəcək.