“Ermənistanın qanunu pozmayan rusiyalı ictimai xadimləri ölkəyə buraxmaqdan imtina etməsi onun Rusiya ilə qarşılıqlı əlaqələrinə ciddi ziyan vurur”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Dövlət Dumasının Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin və bir sıra ictimai xadimlərin bu siyahıya daxil edilməsi ikitərəfli münasibətlərə mənfi təsir göstərən xoşagəlməz presedentdir.
“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ, sadəcə olaraq, həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair aşkar tendensiya nə sizi, nə də bizi qane edə bilməz. Bu, ənənəvi dostluq əlaqələrinin xarakteri ilə ziddiyyət təşkil edir”, - o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 6-8-də İrəvanda birinci Rusiya-Ermənistan Media Forumu keçirilir.