“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib.
“Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm. Onun Ukraynaya və Avropada azadlığa qarşı müharibəni davam etdirmək gücü nifrətdədir. Onun nifrəti ukraynalılara, Ukraynanın mədəniyyətinə və tarixinədir”, V.Zelenski bildirib.
O qeyd edib ki, müharibənin dəhşətinə baxmayaraq Ukrayna müxtəlif mədəniyyətlər üçün açıqdır.
Ukrayna Prezidenti daha sonra vurğulayıb: “Bizə güclü hücum silahları lazımdır. Onlar olmadan müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Mən bilirəm ki, sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Çünki ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”.