“Rusiyanın yaratdığı administrasiyanın nümayəndələri Krımdan çıxmağa başlayıblar”.
“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov “RBK Ukraina”ya müsahibəsində deyib.
O bildirib ki, bunu aydın formada müşahidə etmək mümkündür.
A.Yusovun sözlərinə görə, işğalçı administrasiyanın nümayəndələri xüsusilə ailə üzvlərini yarımadadan çıxarmağa çalışırlar: “Bəxti gətirənlər hətta Rusiyadan, ən azından Moskvadan çıxırlar”.
O bildirib ki, təkcə Krımda deyil, işğal olunmuş digər ərazilərdə də eyni vəziyyətdir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib.