Rusiya işğalçıları İran istehsalı olan pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə zərbələr endirir. Onlardan biri Ukrayna Silahlı Qüvvələri tərəfindən Xarkov vilayətinin bu yaxınlarda azad edilmiş Kupyansk şəhəri ətrafında vurulub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi teleqramda məlumat yayıb.
“Yüksək ehtimalla iddia etmək olar ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq İranın Kupyansk yaxınlığında zərbə endirən pilotsuz uçuş aparatını məhv edib. Bu, uzaqmənzilli “Shahed-136” kamikadze PUA-sıdır”, - məlumatda bildirilib.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya Ukraynadakı müharibədə istifadə etməsi üçün PUA tədarükündə iştirakına görə İranın “Safiran Airport Services” şirkətinə sanksiya tətbiq edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın İrandan minə yaxın zərbə-kəşfiyyat PUA-sı sifariş etdiyi barədə xəbər yayılmışdı.