Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir

Xarici siyasət
  • 06 noyabr, 2026
  • 21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir

Azərbaycan müharibədən sonra regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsini əsas prioritetlərindən biri hesab edir.

"Report"un Balkan bürosunun məlumatına görə, bunu Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə 8 Noyabr - Zəfər günü ilə əlaqədar Belqradda keçirilən rəsmi qəbulda bildirib.

O qeyd edib ki, Azərbaycan üçün müharibədə qələbə qazanmaq son məqsəd olmayıb, eyni dərəcədə vacib olan sülhə nail olmaq və regionda davamlı sabitlik və əməkdaşlıq üçün şərait yaratmaqdır.

Səfirin sözlərinə görə, Azərbaycan bu gün Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu getdikcə gücləndirir və bununla da bütövlükdə regionun beynəlxalq nüfuzunun artmasına töhfə verir.

Diplomat Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini, COP29 və Ümumdünya Şəhərsalma Forumuna (WUF) ev sahibliyi etməsini ölkənin qlobal çağırışların həllinə, beynəlxalq dialoq və əməkdaşlığın təşviqinə artan töhfəsinin göstəricisi kimi qiymətləndirib.

O vurğulayıb ki, Azərbaycan vaxtilə döyüş meydanı olan ərazini Avropa ilə Asiya arasında ticarət məkanına çevirərək nəqliyyat dəhlizlərinin, enerji bağlantılarının, ticarətin və regional əməkdaşlığın inkişafına töhfə verir.

Səfir regional bağlantıların bərpasının Azərbaycanın müharibədən sonrakı siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bu baxımdan TRIPP layihəsinin əhəmiyyətini vurğulayan diplomat onun Orta Dəhliz üzrə əlaqəliliyin gücləndirilməsi, Avropa ilə Asiya arasında ticarətin genişləndirilməsi və region ölkələri üçün yeni iqtisadi imkanların yaradılması baxımından mühüm potensiala malik olduğunu bildirib.

Onun fikrincə, layihə, eyni zamanda, davamlı sülh üçün möhkəm iqtisadi təməlin formalaşdırılmasına xidmət edə bilər.

"Biz inanırıq ki, açıq kommunikasiya xətləri, qarşılıqlı əlaqəli iqtisadiyyatlar və ortaq rifah Cənubi Qafqazı qarşıdurmanın deyil, əməkdaşlığın üstünlük təşkil etdiyi regiona çevirə bilər", - diplomat vurğulayıb.