Bakı. 9 iyun. REPORT.AZ/ "Türkiyədə azot gübrələrinin satışına qadağa qoyulub. Çünki bu maddə partlayıcı qurğuların hazırlanmasında istifadə edilə bilər".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu qardaş ölkənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib.
Onun sözlərinə görə, son vaxtlaradək azot gübrələri 9 700 yerdə satılıb: "Biz son zamanlar təhlükəsizlik orqanları ilə birlikdə həmin satış məntəqələrinə nəzarət edirdik. Lakin bu, kifayət etmədi. Hazırda Türkiyədə terrorçuların partlayıcı maddələrin hazırlanması üçün istifadə etdikləri bu cür gübrələrin satışı dayandırılıb. Biz satışdan müvəqqəti olaraq 64 min ton gübrəni yığışdırmışıq".
F.Çelik deyib ki, Türkiyənin Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyi satışdan yığışdırılmış gübrələrə alternativinin tapılması üzərində işləyir.