Tbilisidə Gürcüstanın Avrointeqrasiyasına kütləvi dəstək aksiyası keçirilir

Tbilisidə Gürcüstanın Avrointeqrasiyasına kütləvi dəstək aksiyası keçirilir Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropaya inteqrasiyasına kütləvi dəstək aksiyası keçirilir.
Region
20 İyun , 2022 20:49
Tbilisidə Gürcüstanın Avrointeqrasiyasına kütləvi dəstək aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropaya inteqrasiyasına kütləvi dəstək aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, “Ayıbdır” hərəkatının parlamentin binası qarşısında təşkil etdiyi “Evə - Avropaya” adlı mitinqə minlərlə insan qatılıb.

Qanunverici orqanın qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Mitinqə Avropa meydanına yürüşlə yekun vurulacaq.

Gürcüstan hökuməti aksiyanı olduqca mənfi qarşılayıb. Baş nazir İrakli Qaribaşvili mitinqi destruktiv qüvvələrin təşkil etdiyini bildirib. Hökumət vətəndaşları təxribatlara uymamağa çağıraraq ölkədə qeyri-sabitliyin yaradılmasına yol verilməyəcəyini bəyan edib.

“Evə - Avropaya” şüarlı aksiya bu gün Gürcüstanın bir sıra digər şəhərlərində də baş tutub.

Qeyd edək ki, bu gün həmçinin “Qavrilov gecəsi”ndən üç il ötür. 2019-cu il iyunun 20-də Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstana səfərinə qarşı Tbilisidə keçirilən aksiyada iştirakçılar və polis arasında yaranan qarşıdurma zamanı təxminən 300 nəfər saxlanılıb, 100-dən çox insan xəsarətlər alıb. İki gəncin rezin güllə ilə gözü çıxarılıb. Həmin mitinqdən sonra parlament qarşısında aksiyalar bir neçə ay davam edib.

Son xəbərlər

Orphus sistemi