Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin zabiti Krıma hücumun dəf edilməsi zamanı Ukraynaya məxsus dronun əvəzinə ölkəsinin Hərbi-Kosmik Qüvvələrinin Mi-8 helikopterini vurduğuna görə məhkum edilib.
“Report” "Kommersant"a istinadən xəbər verir ki, zabit İqor Paşkova ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan səhlənkarlıq ittihamı ilə hökm oxunub.
2023-cü il oktyabrın 18-də Paşkov aşkar edilmiş alçaqdan uçan aşağı sürətli hava hədəfinin çağırış nömrəsini səhv salıb və rəhbərliyə onun başqa yerdə olması barədə məlumat verib, hədəfin helikopter olması barədə əlavə məlumatı nəzərə almayıb. İki dəqiqədən sonra bu, "Tor-M2DT" zenit-raket kompleksindən açılan atəşlə Mi-8-in məhv edilməsinə səbəb olub və nəticədə heyətin üç üzvü həlak olub.
"Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin məlumatına görə, zabit xidmətə səhlənkar münasibət nəticəsində hava gəmisinin və onun aşkar edildiyi yerin identifikasiyasını həyata keçirməyib ki, bu da yanlış məlumatın verilməsinə və Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə məxsus helikopterin "dost atəşi" ilə vurulmasına səbəb olub", - məqalədə deyilir.
Birinci instansiya məhkəməsi zabiti üç il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərib. Bundan başqa, Paşkovdan Müdafiə Nazirliyinin xeyrinə 5 milyon rubl və həlak olanların dul qalmış həyat yoldaşlarının xeyrinə 3 milyon rubl məbləğində vəsaitin tutulması qərarı çıxarılıb.