Qüdsdə yəhudilər və müsəlmanlar üçün müqəddəs olan Məbəd dağında səhər saatlarında fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma olub.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, Əl-Əqsa məscidində baş verən toqquşmada 152 fələstinli yaralanıb.
Xilasetmə xidmətinin məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri onları daşlayan radikalları ram etmək üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Bildirilib ki, insidentlə əlaqədar azı 300 nəfər saxlanılıb.
Qeyd edək ki, fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında gərginlik son vaxtlar İsraildə 14 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarından sonra kəskin şəkildə artıb. İsrail ordusunun İordan çayının qərb sahilində bir gün əvvəl keçirdiyi əməliyyat nəticəsində 3 fələstinli ölüb. Ümumilikdə son üç həftə ərzində bölgədə şiddətin artması nəticəsində 21 fələstinli ölüb.
Gərginliyin artmasının yeni mərhələsi müsəlmanların oruc tutan Ramazan ayına təsadüf edib. 2021-ci ildə Əl-Əqsa məscidi ərazisində toqquşmalar Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları ilə İsrail təhlükəsizlik qüvvələri arasında bir neçə gün davam edən şiddətli döyüşlərə çevrilib.