Paşinyan Makronla Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə edib
- 11 avqust, 2025
- 15:46
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə “Report” Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verir.
N.Paşinyan Prezident Makronu avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə məlumatlandırıb.
"Baş nazir Fransa Prezidentinə avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi barədə məlumat verib", - məlumatda deyilir.
Telefon danışığı zamanı N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün yeni investisiya imkanları açır.