Moskva sakini: “Sanksiyaların təsirini hiss etməyə başlamışam”

Moskva sakini: “Sanksiyaların təsirini hiss etməyə başlamışam” Dünən Ağ Ev Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanıldığını elan etdi. Bu yeni sanksiyalar paketi o cümlədən müdafiə yönümlü Rusiya müəssisələrin fəaliyyətini məhdudlaşdırır. ABŞ Prezidenti Cozef Bayden bu məhdudlaşdırıcı tədbirlə
Region
3 Mart , 2022 17:07
Moskva sakini: “Sanksiyaların təsirini hiss etməyə başlamışam”

Dünən Ağ Ev Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanıldığını elan etdi. Bu yeni sanksiyalar paketi o cümlədən müdafiə yönümlü Rusiya müəssisələrinin fəaliyyətini məhdudlaşdırır. ABŞ Prezidenti Cozef Bayden bu məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatının enerji sektoruna da toxunacağını vəd edib. Hazırda fəal surətdə tətbiq edilən sanksiyaların məqsədi Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatlardır. “Report”un Rusiya bürosu ilə söhbətdə Moskva sakinləri sanksiyaların onlara necə təsir etdiyi haqda danışıblar.

Sanksiyaların tətbiqi Rusiyanın fond birjasına da zərbə endirdi, nəticədə güclü eniş yaşamış ölkə valyutası günü-gündən ucuzlaşmaqda davam edir. Hazırda Moskva birjasında ABŞ dollarının məzənnəsi 118,44 rubl, avronun məzənnəsi isə 125,06 rubl təşkil edir. Moskvanın valyutadəyişmə məntəqələrinin birində bizə bildirdilər ki, kassada nağd pul olmadığından xarici valyuta almaq mümkün deyil.

“Heç bir şey yoxdur. Bütün pullar inanılmaz dərəcədə tez alınır”, - Moskvanın valyutadəyişmə məntəqələrindən birinin əməkdaşı deyib.

Sanksiyalar tətbiq edilən 7 Rusiya bankı - VTB, “Rossiya”, “Otkrıtiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və VEB martın 12-dən etibarən SWIFT-dən ayrılacaq.

VTB bankından bildiriblər ki, SWIFT-dən ayrılma Rusiya ərazisində bank müştərilərinə göstərilən xidmətə heç bir təsir etməyəcək, lakin ölkə xaricində olan müştərilərə pul köçürmək mümkün olmayacaq.

“Hazırda Rusiya Qərb dünyasından təcrid olunub, bu isə ölkə iqtisadiyyatına son dərəcə böyük zərbə vurur. Hələ sanksiyaların təsirini öz üzərimdə hiss etməmişəm, amma əminəm ki, bu, tezliklə baş verəcək. Belə ki, məhsulların, malların və xidmətlərin qiymət artımı qaçılmazdır. Ümid edirəm ki, Rusiya rublunun devalvasiyası baş verməyəcək”, - Rusiya paytaxtının sakini Anastasiya Mixaylova bildirib.

“Report”un həmsöhbətlərindən birinin sözlərinə görə, aptekdə dərman almaq istəyərkən sanksiyaların təsirini hiss edib. O bildirib ki, hazırda maliyyə vəsaitlərinin bölüşdürülməsi barədə qərar vermək çətindir.

Avtomobil biznesi də müəyyən çətinliklərlə üzləşib. Məsələn, Yelabuqda (Tatarıstan) yerləşən “Ford Sollers” avtomobil zavodu istehsal fəaliyyətini dayandırıb. Almaniyanın BMW konserni də Kalininqrad şəhərində avtomobil yığılmasını, həmçinin Rusiyaya avtomobil ixracını dayandırdığını bəyan edib. Rusiyaya “Mercedes” avtomobillərinin ixracı da dayandırılıb. Artıq ölkəyə gətirilmiş avtomobillərin qiyməti faktiki olaraq 25-40% artıb.

Gənc moskvalılar, ilk növbədə, “Apple Pay”in işləmədiyindən şikayətlənirlər. Onların sözlərinə görə, bununla mal və xidmətlərə görə ödəniş etmək xeyli çətinləşir.

“Artıq sanksiyaların təsirini hiss etməyə başlayıram. “Apple” məhsulu almağı planlaşdırırdım, amma ölkəyə tədarükün dayandırılması bir yana, qiymətlər də çox yüksəlib. “Apple Pay”in işləməməsi də işləri çətinləşdirir”, - Moskva sakini Mixail Kotlyakovski bildirib.

Sorğu da göstərir ki, artıq əksər şəhər sakinləri sanksiyaların səbəb olduğu böhranı hiss etməyə başlayıblar. Bununla yanaşı, onlar vəziyyətin getdikcə daha da pisləşəcəyindən narahatdırlar. Rusiyanın Ukraynadakı fəaliyyəti barədə danışan sakinlər bunun tərəfdarı olmadıqlarını, lakin mövcud problemlərin başqa çıxış yolunu görmədiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi