Mixeil Saakaşvilinin məhkəməsi zamanı qarşıdurma yaranıb, 15 nəfər saxlanılıb

Mixeil Saakaşvilinin məhkəməsi zamanı qarşıdurma yaranıb, 15 nəfər saxlanılıb Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti – dördüncü məhkəmə dinləməsi keçiriləcək.
Region
29 Noyabr , 2021 14:34
Mixeil Saakaşvilinin məhkəməsi zamanı qarşıdurma yaranıb, 15 nəfər saxlanılıb

Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.

12.11

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, etirazçılara qarşı istiotlu sprey tətbiq olunub.

İnsident zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır. 

M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli "Birinci Kanal"ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım aparıb. 

10:30

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəmə iclasında iştirakına icazə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, siyasətçi Xüsusi Penitensiar Xidmətin maşını ilə müalicə olunduğu Qori hərbi hospitalından Tbilisiyə aparılıb. Maşın artıq məhkəmənin həyətinə daxil olub.

Proses Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq. 

Məhkəmə binası yaxınlığına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

09:18

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti – dördüncü məhkəmə dinləməsi keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, proses saat 11:00-da başlayacaq.

Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır. Sabiq dövlət başçısı iş üzrə müttəhim bilinir.

Müxalif Vahid Milli Hərəkat Partiyası məhkəmə binası qarşısında eyni vaxtda mitinq təyin edib. Partiyada ümid edirlər ki, M.Saakaşviliyə prosesdə iştirak etməyə icazə veriləcək.

Siyasətçinin iclasa gətirilib-gətirilməyəcəyi hələ məlum deyil. Həkimlərin rəyinə əsasən, o, prosesdə iştirak edə bilər.

Qeyd edək ki, M.Saakaşvili bundan öncə keçirilən məhkəmə iclaslarına gətirilməyib. O, proseslərdə distant iştirak təklifini qəbul etməyib.

Xatırladaq ki, Gürcüstanın eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Son xəbərlər

Orphus sistemi