Mahaçqala hava limanında baş verən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi məlumat yayıb.
“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, - məlumatda qeyd edilib.
Daha əvvəl Dağıstanın Səhiyyə Nazirliyi gecə saatlarında 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb, onların arasında təhlükəsizlik qüvvələri və mülki şəxslər də var.
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar nəticəsində 20-dən artıq insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 10 nəfəri rayon xəstəxanalarındadır, ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.